Lənkəranın mətbəx mədəniyyəti qədimdir, zəngindir. Arxeoloji qazıntılar zamanı Lənkəran ərazisində qədim insanlara məxsus və daşdan düzəldilmiş tava, həvəngdəstə, müxtəlif növ mətbəx çapacaqları, gil qab nümunələri, piyalə qırıntıları, saxsı sərnic (su qabı), antik dövrə aid kuzə, eramızdan əvvəl III-I əsrlərə aid gil küplər tapılmışdır.

Bölgədə təkcə düyüdən 21 növ xörək hazırlanır. 23 növ ət xörəyi, 7 növ quş ətindən, 20 növ un məhsulundan, 9 növ balıqdan hazırlanan xörəklər məlumdur. Digər xörək növləri olan ləvəngi ən dadlı xörəklərdən hesab olunur. Bunlardan əlavə 8 növ aş, 5 növ kükü, 5 növ “pətə”, 28 növ meyvə xörəyi, müxtəlif növ sırdaqlar məlumdur.

Lənkəran mətbəxi öz zənginliyi ilə digər regionların mətbəxindən fərqlənir. Bu fikri gözəl Lənkəran diyarına qonaq gəlmiş və bu diyarın dadlı, ləziz yeməklərini dadmış hər bir kəs təsdiqləyər.

           Lənkəranda hazırlanan əsas xörəklər;:

1. Plovlar: daşma plov, süzmə plov, qara plov, döşəmə plov, şüyüd plov, paxla plov, boranı plov, lərgə plov, mərci plov, kartof plov, lobya plov, düyü halvası, düyü löküsü, çəngüru, düyü firnisi, ağ aş, çölmək plov, kəlləpaça plov və s.

2. Balıq xörəkləri: girdəbic balıq (ləvəngili ziyad), balıq sırdağı (xüsusilə çapaq balığından), qovurma balıq, balıq kababı, soyutma balıq, şor balıq, təndirdə qızardılmış balıq, çəki girdəbici, balıq kürüsü və s.

3. Xuruşlar (ət, quş və toyuqdan hazırlanan xörəklər): Cücə kababı (ləvəngili), taskababı, çığırtma, murkutuş, müsəmma, fisincan, mütəlcəm, turşakabab, tikə-kabab, lülə kabab, tava-kabab, qiyməqatıq, səbziqovurma, şirinqovurma, şami, çölmək kababı, plovaltı (qaşqaldaq-çingir,ördək,yelbə), cızbız, piti, küftə-bozbaş, tikə-bozbaş, kəlləpaça, xaş, qiyməbadımcan, badımcan sırdağı, tənək yarpağı dolması, kələm dolması, yelpənək dolması və s.

4. Kükülər: səbzi kükü, kartof küküsü, badımcan küküsü, qoz küküsü, ət küküsü.

5. Undan hazırlanan xörəklər: xəşil, düşbərə, əriştə, quymaq, umac, xəngəl, fəsəli, qutab və s.

6. Südlü yeməklər: bulama, südlü aş, firni və s.

7. Aşlar: ayran aşı, hədiy aşı, turşulu aş, ağ aş, boranı aşı və s.

8. Şirniyyatlar: tərhalva, umac halvası, şəkərbura, paxlava, qəndi külçə, şorçörəyi, bişi, bamiyə, qurabiyə, ziren çörək, peşmək, məcüm halvası, səməni halvası və s.