Lənkəranda qeyd olunan əsas milli bayramlar və mərasimlər

 

Azərbaycanlıların ən əsas və sevimli bayramı olan Novruz Bayramının adının hərfi mənası «Bahar bayramı"  Lənkəranda qədim zamanlardan qeyd olunur. Novruz bayramı 20-21 mart tarixə düşür, bu vaxt təbiət oyanır, ölkəyə Bahar gəlir, yeni həyat başlanır. Bütün ölkədə olduğu kimi Cənub bölgəsində də bu bayrama xüsusi seylə hazırlaşırlar. Şəhərlərin küçə və meydanları bəzədilir, evlərdə qadınlar ciddi səliqə-səhman yaradırlar. Əslində bu bayrama hazırlıq bir ay əvvəldən başlanır. Novruzdan əvvəlki dörd həftənin hər birinin çərşənbə günü 4 təbii ünsürün birinə həsr edilmişdir və bu ünsürlərin adı ilə adlanır, hərçənd müxtəlif regionlarda həmin çərşənbələr bəzən başqa cür adlanır. Bayramdan əvvəlki 4 çərşənbənin adları belədir: su çərşənbəsi, od çərşənbəsi, torpaq çərşənbəsi və axır çərşənbə. Xalq inanclarına görə su çərşənbəsi günü sular təzələnir, durğun sular hərəkətə gəlir. Eyni qayda ilə ikinci çərşənbə odla, üçüncü çərşənbə torpaqla bağlanır. Dördüncü - axır çərşənbə günündə külək ağacların tumur-cuqlarını açır və xalq inanclarına görə həmin gün yaz gəlir. Alimlərin dediyinə görə Şirvan zonasında bu çərşənbələrdən birincisi havaya, ikincisi suya, üçüncüsü torpağa, dördüncüsü isə bitki aləminə həsr edilirdi, çünki xalq təsəvvürlərinə görə əvvəlcə hava, sonra su qızır, üçüncü çərşənbə günü torpaq və daha sonra ağaclar və bitkilər canlanır. Bu çərşənbələr arasında ən əhəmiyyətlisi axır çərşənbə sayılır. Bayramla bağlı əsas hadisələr də həmin gün baş verir. Axır çərşənbə günü keçirilən müxtəlif mərasimlər xalqın həyatının bütün sahələrini əhatə edir və yeni başlayan təzə ildə hər kəsin, onun ailəsinin və cəmiyyətin salamatlığını təmin etmək, bütün bəlalardan qurtarmaq, özünü və ailəsini xoşagəlməzliklərdən və xəstəliklərdən qorumaq məqsədi güdür.  Novruz bayramına hazırlıq ərəfəsində icra edilən esas mərasimlərdən biri - səməni cücərtməkdir. Təbiətin bərəkət rəmzi sayılan səməni, xalq inancına görə sehirli qüvvəyə malikdir. Bu mərasim təbiətin oyanışı və bitkilərə məhəbbət duyğuları ilə bağlıdır. Həmin günlərdə hər evdə göz oxşayan yaşıl «çəmənlik» - əlvan lentlərlə bəzədilmiş səməni qabları olması vacib sayılır. Səməninin dövrəsinə boyanmış yumurta və şamlar düzülür. içərisində üzüm, qoz, fındıq, konfet, meyvə qurusu, noğul dolu məcməyi - xonça da səməninin yanına qoyulur. Novruzdan qabaq qadınlar şərq şirniyyatı: paxlava, şorqoğal, şəkərbura və s. bişirirlər. Novruz bayramı günlərində evlərin həyətlərində və küçələrdə müxtəlif şənliklər keçirilir. Oynaq rəqslər, xoş mahnı təranələri, musiqi, gülüş, qohumlara baş çəkib onlara bayram payı aparmaq zəruri ənənələrdən sayılır. Adətən ya eyni bir tonqalın üstündən 7 dəfə, ya da 7 tonqalın hərəsinin üstündən 1 dəfə tullanırlar. Yazda gecə ilə gündüzün tən olduğu bahar bayramının gəlişi atəş və atəşfəşanlıqla xəbər verilir. Ənənəyə görə, bayram axşamı hər kəs öz evində olmalı, heç kəsin evinə qonaq getməməli və heç kəsi qonaq kimi qəbul etməməlidir.Yeni ilin ənənəvi qarşılanma günü olan 31 dekabr Azərbaycan Respublikasında bütün dunya Azərbaycanlılarının həmrəylik günü kimi qeyd edilir. Lakin burada Şaxta Baba və Qar Qızı da unutmurlar.

 Azərbaycanlıların daha bir mühüm ənənəvi bayramı hicri-qəməri təqvimlə hər il 12-ci ayın 10-cu günündə qeyd edilən Qurbən Bayramıdır. Bu bayramda Cənub bölgəsində xüsusi qeyd olunur. İmkanı olan Azərbaycanlılar həmin gün Qurbanlıq qoç kəsməli və onun ətinin bir hissəsini imkansız ailələrə paylamalıdırlar. Ənənəvi dini bayramlardan sayılan Orucluq və ya Ramazan Bayramı 30 gün davam edən Orucluq başa çatandan sonra başlanır. Bu bayrama bir neçə gün əvvəldən hazırlaşırlar. Orucluq bayramı münasibətilə təzə paltar tikmək və ya almaq, bayram payı vermək üçün hədiyyələr hazırlamaq və ya almaq lazımdır.